2026-cı il aprelin 24-də Azərbaycan Texnologiya Universiteti (ATU) İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “GreenTech” III Startap və Yaşıl Texnologiyalar müsabiqəsi keçiriləcək.
Müsabiqənin əsas məqsədi Azərbaycan gənclərinin davamlı inkişaf və innovasiya sahəsində potensialını gücləndirmək, texnoloji yeniliklərin və yaşıl texnologiyaların inkişafı üçün əlverişli inkubasiya mühitini formalaşdırmaqdır.
Müsabiqə gənclərə öz yaradıcılıq imkanlarını reallaşdırmaq, innovativ ideyalarını praktik layihələrə çevirmək üçün geniş imkanlar təqdim edəcək. İştirakçılar müsabiqə çərçivəsində cəmiyyət və insanlıq üçün faydalı texnoloji həllər, dron və digər texnoloji avadanlıqlar, rəqəmsal monitorinq və analiz, həmçinin rəqəmsal ekologiya və ətraf mühitin qorunması sahələrində layihələrini təqdim edə biləcəklər.
“GreenTech” III müsabiqəsi ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitin müasir texnologiyalar vasitəsilə qorunmasına töhfə verməklə yanaşı, gənclərin innovasiya və startap bacarıqlarının inkişafını da dəstəkləməyi hədəfləyir. Bu təşəbbüs gəncləri yaradıcı və innovativ layihələr üzərində işləməyə, həmçinin cəmiyyət və ətraf mühit üçün faydalı texnoloji həllər irəli sürməyə təşviq edəcək.
Ətraflı Greentech 1 Greentech 2