Məmmədov Elşad Ərşad oğlu 13 noyabr 1952-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Gəncə şəhərində yerləşən 4 nömrəli orta məktəbə daxil olmuş və 1969-cu ildə həmin məktəbi bitirmişdir. Daha sonra Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olunmuşdur.
Universiteti bitirdikdən sonra, 1974-cü ildən İmişli 10 nömrəli Dəmir Beton zavodunda mühəndis-texnoloq vəzifəsində fəaliyyətə başlamışdır. 1978-ci ildən Azərbaycan Politexnik İnstitutunun Gəncə filialında elmi işçi kimi çalışmış, 1979-cu ildə isə filialın komsomol komitəsinin katibi seçilmişdir. 1980-ci ildən kimya kafedrasında laborant vəzifəsində işləmişdir.
1982-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində aspiranturaya qəbul olunmuş və 1986-cı ildə namizədlik (PhD) dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır. 1985–2012-ci illər ərzində Azərbaycan Texnologiya Universitetində baş laborant, assistent, dosent, elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 2010-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək kimya və ekologiya ixtisasları üzrə elmlər doktoru dərəcəsini almışdır.
2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya kafedrasına professor vəzifəsinə seçilmişdir. 2013-cü ildən Azərbaycan Texnologiya Universitetinin Ekologiya mühəndisliyi kafedrasının müdiri vəzifəsini icra etmişdir. 2019-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktor müavini və eyni zamanda AMEA Gəncə Bölməsinin sədr müavini vəzifəsində çalışmışdır. 2020-ci ildə Azərbaycan Texnologiya Universitetinin Turizm sənayesinin təşkili və ekologiya kafedrasının professoru vəzifəsinə seçilmişdir. 2023-cü idən Ətraf mühitin mühafizəsi kafedrasının müdiri vəzifəsində çalışır.