Mübadilə proqramları
Erasmus+ KA107
Erasmus+ proqramının məqsədi ali təhsil müəssisələrində çalışan əməkdaşlara və təhsil alan gənclərə yeni bacarıqlar qazandırmaq, onların fərdi inkişaflarını gücləndirmək və məşğulluq imkanlarını artırmaqdır. Bu proqram "Həyat Boyu Öyrənmə Proqramları" çərçivəsində fəaliyyət göstərən Erasmus, Leonardo da Vinçi, Comenius və Grundtvig proqramları ilə Gənclik Proqramı, 5 beynəlxalq əməkdaşlıq proqramı (Erasmus Mundus, Tempus, Alfa, Edulink və Sənayeləşmiş Ölkələrlə Əməkdaşlıq Proqramı) da daxil edilərək Erasmus+ başlığı altında toplanır. Eyni zamanda əməkdaşlıq edilən ölkələrin əhatəsi genişlənib. Sözü gedən proqram çərçivəsində Şərq Tərəfdaşlığı ölkəsi olan Azərbaycan ali təhsil sahəsində aşağıdakı imkanlardan istifadə edə biləcək:
· Birgə magistratura proqramları
· Kredit mobilliyi (keçmiş Erasmus Mundus)
· Potensialın gücləndirilməsi layihələri (keçmiş Tempus)
Universitetimiz 20 xarici ölkədən 61 universitetlə ikitərəfli əməkdaşlıq, o cümlədən Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Avropanın 7 aparıcı universiteti ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan Texnologiya Universiteti 2016/2017-ci tədris ilində Erasmus+ proqramına qoşulub. Qoşulduğu ilk tədris ilində mobillik proqramı çərçivəsində yalnız 2 tələbənin təqaüdlü əsaslarla xarici tərəfdaş universitetlərdə təhsillərini davam etdirmək hüququ qazandığı halda, 2022/2023-cü tədris ilində bu rəqəm 24 tələbəyə yüksəlib ki, bu da əhəmiyyətli artım hesab olunur.
Beləliklə, hər semestr müxtəlif fakültələrdən bir neçə tələbə Erasmus+ KA1 mübadilə proqramında iştirak edir. Həmin tələbələr yeni tədris təcrübəsi qazanmaq və xarici dil biliklərini təkmilləşdirmək məqsədilə Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti, Polşanın Bialystok Texnologiya Universiteti, Varşava Ekologiya və Menecment Universiteti və Silesiya Texnologiya Universiteti, İspaniyanın Jaen və Qranada Universitetləri, Rumıniyanın Iaşi Gheorghe Asachi Texniki Universitetində tam təqaüdlü əsaslarla təhsil almaq hüququ əldə edirlər. Mobillik proqramının müddəti bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün təxminən 5 (beş) ayı və ya 1 (bir) semestri əhatə edir ki, bu da yeni təcrübə əldə etmək üçün kifayət qədər uzun müddət hesab olunur, lakin doktorantura pilləsində təhsil alan tələbələr isə 3 ay müddətində xarici universitetlərdə tədqiqat apara bilərlər. Tələbə mobilliyi tələbələr üçün gündəlik olaraq xarici mədəniyyətlərə tam şəkildə yiyələnmək, yeni bilik və bacarıqlar əldə etmək və ya hətta özlərini yenidən kəşf etmək üçün əla fürsət hesab olunur.
Eyni zamanda, Erasmus+ mübadilə proqramı xarici tərəfdaş ölkələrin ali təhsil müəssisələrində mühazirə/seminarlar oxumaq üçün akademik və inzibati heyətin mübadiləsinə də əlverişli imkan yaradır. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən bu proqram çərçivəsində təlim müddəti 1 (bir) həftə və ya 5 iş gününü (səyahət vaxtı istisna olmaqla) əhatə edir.
Son 5 ildə bu mübadilə proqramına ümumilikdə 12 akademik və inzibati heyət cəlb edilmişdir. Bundan əlavə, 40-dan çox universitet əməkdaşının Ali Təhsildə Potensialın Gücləndirilməsi Erasmus+ layihələri çərçivəsində bir sıra Avropa universitetlərində təşkil edilən beynəlxalq təlimlərdə fəal iştirakları təmin edilib.
Broşur üçün link https://atu.edu.az/pdf/erasmus_blorsur.pdf