Universitet Tarixi
1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ Nazirlər Sovetinin 22 fevral 1979-cu il tarixli 202 saylı, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1980-ci il tarixli 206 saylı qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialının bazasında Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasını birləşdirməklə yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılıb.
Universitetdə hazırda 4 fakültə, 14 kafedra, magistratura və doktorantura şöbəsi, elmi-tədqiqat mərkəzi, hazırlıq kursu, ingilis dili resurs mərkəzi, fakültələr üzrə tədris laboratoriyaları, kitabxana, innovasiya mərkəzi, idman zalı (sahəsi 1000 kv.m.) fəaliyyət göstərir. Universitetdə tələbə yataqxanası mövcuddur və hal-hazırda yenilənmə işləri aparılır.
ATU-da texniki və texnoloji eləcə də iqtisadiyyat və idarəetmə ixtisasları üzrə mütəxəssis hazırlığı və həmin sahələr üzrə elmi-tədqiqat işləri aparılır.
Ümummilli Liderimiz Heydər Əliyevin fəaliyyətini və dövlətçilik siyasətini daha dərindən elmi əsaslarla öyrənmək məqsədilə universitetdə “Heydər Əliyev Məktəbi” fəaliyyət göstərir. Eyni zamanda universitetin tarixini əks etdirən muzey yaradılıb.