Azərbaycan Texnologiya Universitetində (ATU) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Azərbaycan Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov çıxış edib. Milli Qurtuluş Gününün tarixinə nəzər salaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirib və bu siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirib.

Daha sonra tədbirdə iştirak edən Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxış edib. Tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib, ölkəmizin müasir inkişafında qurtuluş tarixinin rolundan danışıb. 

Sonra İnsan resursları şöbəsinin müdiri t.f.d. İlham Əlizadə, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov çıxış edib. Milli qurtuluş ideologiyasının müstəqil respublikamızın davamlı inkişafındakı rolundan, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafdan bəhs ediblər. 

Sonda 1-ci kurs tələbəsi Turanə Bədəlova Milli Qurtuluş Gününə həsr edilmiş şeir səsləndirib.