Azərbaycan Texnologiya Universitetində (ATU) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca "Cümhuriyyətin tarixinə nəzər" adlı qısametrajlı film nümayiş etdirilib.
 
Sonra ATU-nun rektoru v.m.i.e. dosent Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. Y.Ömərov XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanı parçalanmaqdan məhz Ümummilli Lider Heydər Əliyevin xilas etdiyini, Ulu Öndər siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müasir dünyaya səs salan Zəfər salnaməsi ilə Azərbaycanın öz müqəddəratını təyin etməyə qadir olduğunu bir daha sübut etdiyini vurğulayıb. 

Daha sonra ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizələrdən bəhs edib,  istiqlal ideyası uğrunda atılan addımların bu gün Azərbaycanı gələcəyə doğru inamla irəliyə aparan yol olduğunu qeyd edib.

Tədbirdə tələbələrin ifasında şeir və musiqi nömrələri səsləndirilib. Sonda ATU əməkdaşlarının və qazi tələbələrinin iştirakı ilə 28 May Müstəqilik Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.