Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov ATU-nun təşkilatçılığı ilə baş tutan, Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfransın plenar iclasının xarici və yerli məruzəçiləri ilə görüşüb.
Görüş zamanı Y.Ömərov uğurlu çıxışlarına və konfransın işinə töhfə verdiklərinə görə məruzəçilərə təşəkkür edib, elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb, xüsusi sertifikatlarla təltif edib.
Qeyd edək ki, 6-7 may tarixlərində 15 ölkənin iştirakı ilə baş tutan Beynəlxalq Elmi-Praktik Konfransın plenar iclasında İspaniyanın Qranada Universitetinin Genetika kafedrasının professoru Federiko Zurita Martinez “CRISPR-Cas9. İnsan xəstəliklərinin müalicəsi üçün molekulyar qayçı”, Türkiyənin Atatürk Universitetinin dosenti İlhan Volkan Öner “Tullantıların alternativ enerjinin alınmasında tətbiqi”, Bolu Abant İzzet Baysal Universitetinin professoru Himmet Karadal “Türk dünyasında innovasiyaların və sahibkarlığın inkişafı”, ATU-nun Ümumi və tətbiqi fizika kafedrasının müdiri professor Məntiq Cəfərov “Elm, texnologiya və innovasiya üçbucağı davamlı inkişafın hərəkətverici qüvvəsi kimi”, ATU-nun doktorantı Kamran Qasımov isə “Müasir dünyada süni intellektin rolu” başlıqlı məruzələrlə çıxış ediblər.