Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı (ATU), Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Gəncə Gənclər Evinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Əzm Marafonu 2" yarışı keçirilib.

Marafonda Gəncə şəhərinin ali və orta ixtisas təhsili, eləcə də idman məktəblərinin tələbələri və şagirdləri iştirak edib.

Yarışçılar əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini dinləyib, ardınca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov çıxış edib, marafonun ötən ildən start götürdüyünü, ənənəvi olaraq hər il təşkil ediləcəyini qeyd edib. YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov da çıxış edərək yarışçılara uğurlar arzu ediblər.

Marafon Gənclər Evinin önündən start götürüb, finiş xətti Zəfər Tağında yerləşib. 500 nəfərin qatıldığı yarışda birinci, ikinci və üçüncü yeri tutan qalib qızlar və oğlanlar mükafatlandırılıblar.