Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e. dos. Yaşar Ömərovun Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri ilə görüşü baş tutub.
ATU-da keçirilən görüşdə TTKF-nı İdarə Heyətinin sədr müavini Tahir Xələfov, İşəgötürənlər ilə iş şöbəsinin müdiri Ayaz Mustafayev, baş mühasib Məhəmmədəli Abdin təmsil edib.
Görüş zamanı tələbələrin TTKF-dan yararlanması, onların gələcəkdə götürdükləri kreditləri geri qaytarmalarına dəstək məqsədilə aparılan işlər, özəl və dövlət müəssisələri ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər haqqında müzakirə edilib.
Görüşün sonunda tələbə və məzunların məşğulluq imkanlarının artırılmasına dəstək göstərmək üçün təlim proqramlarına qoşulma, əmək yarmarkalarında iştirakının təmin edilməsi və regionda yerləşən sahibkarlıq subyektlərində işlə təmin olunması istiqamətində birgə addımların atılmasına dair razılıq əldə edilib.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb. ATU-nun da 2000-dən çox tələbəsi TTKF-nın təhsil kreditindən yararlanıb.