Azərbaycan Texnologiya Universiteti Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Serbiyanın Novi Sad Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Şərqi Qonşuluq, Asiya və Mərkəzi Asiyada təhsil və innovasiyalar vasitəsilə ikili yaşıl və rəqəmsal keçidlərin təşviqi – Yaşıl Texnologiya Üfüqləri" (Fostering Dual Green and Digital Transitions through Education and Innovation in the Neighbourhood East, Central Asia, and Asia - Green Tech Horizons) layihəsində tərəfdaş qismində çıxış edir. 

28-29 noyabr 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində layihənin açılış tədbiri keçirilib.

Əl-Fərabi Qazax Milli Universitetində təşkil olunan tədbirdə Serbiya, Latviya, Litva, Polşa, Xorvatiya, Azərbaycan, Qazaxıstan və Monqolustan olmaqla 8 ölkə üzrə 40-dək nümayəndə iştirak edib. Azərbaycan Texnologiya Universitetini elm və innovasiyalar üzrə prorektor əvəzi, elm və xarici əlaqələr üzrə rektor müşaviri Sahil Həmidov və İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev təmsil edib. 

Açılış tədbirində universitetlər, tədqiqat institutları və sənaye müəssisələri olmaqla 24 tərəfdaşın iştirak etdiyi layihənin icrasının 3 il müddətində həyata keçiriləcəyi bildirilib, eləcə də layihə çərçivəsində görüləcək işlərə dair məhsuldar müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib. 

Qeyd edək ki, "Green Tech Horizons" layihəsinin əsas məqsədi Azərbaycan, Qazaxıstan və Monqolustandan olan 8 ali təhsil müəssisəsində mövcud kurikulumları modernləşdirməklə innovativ səriştəyönümlü təlim ekosisteminin qurulması, eyni zamanda, səriştəyönümlü kurikulumun təkmilləşdirilməsi və sınaqdan keçirilməsi ilə e-Learning ekosisteminin yaradılmasından ibarətdir.