Azərbaycan Texnologiya Universitetində (ATU) “Nar” mütəxəssisləri tərəfindən tələbələr üçün “Mobil Rabitənin Əsasları” mövzusunda təlim keçirilib. 

Təlim çərçivəsində müvafiq ixtisas üzrə təhsil alan tələbələr mobil texnologiyaların inkişafı, GSM şəbəkəsinin quruluşu, Əşyaların İnterneti (IoT), 5G texnologiyaları, mobil rabitə strukturu, simsiz ötürmə şəbəkələri və tezliklərin idarə edilməsi kimi mövzularla tanış olublar. İnteraktiv formatda keçirilən təlimdə tələbələr qruplar halında keçilən mövzular ətrafında müzakirə aparıblar.

Qeyd edək ki, təlim ATU-da təsis edilən “Nar” laboratoriyasında baş tutub. ATU-nun “Nar” ilə əməkdaşlığı nəticəsində, tələbələrin mobil texnologiyalarla işləmək və real şəbəkədə təcrübə qazanmaq məqsədilə ərsəyə gələn laboratoriya cari ilin oktyabrında istifadəyə verilib.