Azərbaycan Texnologiya Universiteti Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Texniki Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Gürcüstan, Azərbaycan və Qazaxıstanda optik şəbəkələr və optik kommunikasiyalar üzrə ali təhsil müəssisələrinin monitorinq və idarəetmə potensiallarının artırılması - OPTIFY” adlı layihədə tərəfdaş kimi çıxış edir.
Layihənin ilkin görüşü onlayn formatda 10 yanvar 2025-ci il tarixində keçirilib. Görüşdə Azərbaycan Texnologiya Universitetini layihənin ATU üzrə meneceri strateji inkişaf və rəqəmsallaşdırma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov təmsil edib.
Görüşdə layihə çərçivəsində görüləcək işlərə dair məhsuldar müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib.
Qeyd edək ki, Azərbaycanda genişlənməkdə olan optik şəbəkələrin monitorinqi və idarəolunması üzrə yeni magistratura proqramının təsis edilməsini hədəfləyən layihə 3 il müddətində icra olunacaq. Bu ixtisas üzrə müasir səriştələrə və bacarıqlara malik kadr hazırlığı yerinə yetiriləcək, akademik heyətin qabaqcıl Avropa ali təhsil müəssisələrində təlimləri təşkil ediləcək, həmçinin, tərəfdaş ATM-lərin bazasında yeni tədris laboratoriyası yaradılmaqla sənaye üçün müvafiq məzmunlu təhsil modulları formalaşdırılacaq.