Azərbaycan Texnologiya Universitetinin İctimai Nəzarət Şurasının (İNŞ) növbəti iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov İctimai Nəzarət Şurası üzvlərini salamlayıb, müzakirə olunacaq məsələlərin, ediləcək təklif və tövsiyələrin, ümumilikdə ictimai rəyin öyrənilməsinin universitetin fəaliyyətində əhəmiyyətini vurğulayıb.

İclasda İNŞ sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, üzvlərdən millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Regional İnkişaf” İB-nin Gəncə-Daşkəsən bölməsinin nümayəndəsi Aişə Osmanlı, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov, ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, elm və innovasiyalar üzrə prorektoru v.m.i.e. Sahil Həmidov, Tədris şöbəsinin müdiri Cəsarət Şabanov iştirak edib.

İNŞ sədri və üzvləri 2024/2025-ci tədris ilinin qış imtahan sessiyası ilə tanış olub, prosesi monitor vasitəsilə izləyiblər. Onlara imtahanların gedişi və təşkili, İmtahan Komissiyası, Apellyasiya Komissiyasının fəaliyyəti ilə bağlı məlumatlar təqdim edilib. 

İclasda qış imtahan sessiyasının ardından ATU-nun inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Yekunda şura tərəfindən universitet rəhbərliyinə təklif və tövsiyələr təqdim edilib.

Qeyd edək ki, 2023-cü ildə əsası qoyulan ATU İctimai Nəzarət Şurası ictimai rəyin əhəmiyyəti əsas götürülərək Gəncə universitetləri arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində yaradılıb.