Azərbaycan Texnologiya Universitetində 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və rəhbər heyət Gəncədə yerləşən 20 Yanvar abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.
Daha sonra anım tədbiri ATU-nun böyük akt zalında davam edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 20 Yanvar faciəsindən, sovet hərbi gəmilərinin Bakı buxtasına yan almasının və sovet əsgərlərinin törətdiyi qətliamı davam etdirməsinin qarşısını alan dənizçilərdən, faciəyə siyasi-hüquqi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin rolundan bəhs edən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli film nümayiş etdirilib.
Ardınca ATU TGT-nin təşkilatçılığı ilə ATU tələbələrinin səhnələşdirdiyi “Son həyəcan” adlı tamaşa təqdim edilib. Tamaşada 20 Yanvar tarixinin yalnız matəm günü deyil, həm də milli azadlıq hərəkatımızın, milli birliyin gücünü və iradəsini göstərən bir gün olduğu əks olunub.
Sonda tələbələrdən Həsən Hüseynov və Turanə Bədəlovanın ifasında Müzəffər Məzaimin “20 Yanvar” şeiri səsləndirilib, tələbələrin “Bu tarix unudulmayacaq, gənc nəsillərə çatdırılacaq, Şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq” kimi şüarları alqışlarla qarşılanıb.