Azərbaycan Texnologiya Universitetində "REFRESH" layihəsi çərçivəsində Virtual öyrənmə və simulyasiya laboratoriyasının açılışı olub.
Laboratoriyanın açılış lentini Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru dos.Yaşar Ömərovla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru prof.Ədalət Muradov kəsib.
Açılış tədbirində Riyaziyyat və Mexanika İnstitutunun direktoru prof.Misir Mərdanov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və UNEC-in digər rəhbər nümayəndələri də iştirak edib.
Ətraf mühitin mühafizəsi kafedrasının nəzdində fəaliyyət göstərəcək Virtual öyrənmə və simulyasiya laboratoriyası UNEC-in koordinatorluğu, Avropa İttifaqının maliyyə dəstəyi və ATU-nun tərəfdaşlığı ilə həyata keçirilən "REFRESH" layihəsi çərçivəsində ərsəyə gəlib.
Laboratoriya 5 notbuk, printer və günəş panellərinin səmərəliliyini artıran mikrokontrollerli izləyici qurğusunun prototipinin hazırlanması üçün 28 adda müasir avadanlıqla təchiz edilib.
Açılış tədbirindən sonra ATU ilə UNEC arasında geniş tərkibdə görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.