Universitetin fəaliyyətində prioritet istiqamətlərdən biri ətraf mühitin qorunması, dayanıqlılığın artırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun fəaliyyətin təşkili hesab olunur. Bu istiqamətdə həyata keçirilən tədbirlər universitetin sosial məsuliyyətinin və strateji inkişafının əsas tərkib hissəsidir.

Bu məqsədlə 2025-ci ilin aprel ayında tədbirlər planının hazırlanması və universitet rəhbərliyinin, eləcə də “Ətraf mühitin mühafizəsi” kafedrasının aparıcı alimlərindən ibarət olacaq “Dayanıqlılıq Komissiyası”nın yaradılması nəzərdə tutulur.

Universitetin Strateji İnkişaf Planında (SİP) qeyd olunduğu kimi, Komissiyanın yaradılmasında əsas məqsəd universitetin sosial, iqtisadi və ekoloji sahələrdə davamlı inkişafını təmin etmək, inkişaf strategiyalarını formalaşdırmaq, müvafiq layihələr hazırlamaq və onların icrasına nəzarət etmək olacaqdır.

Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardan ibarət olacaqdır:
•    Resurslardan səmərəli istifadə;
•    Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi;
•    Sosial rifahın yaxşılaşdırılması;
•    Universitetdə yaşıl iqtisadiyyat və ekoloji mədəniyyətin təşviqi;
•    Uzunmüddətli inkişaf üçün innovativ həllərin hazırlanması və tətbiqi.

Qeyd edək ki, ATU ətraf mühitin qorunması, ekoloji dəyərlərin təbliği və dayanıqlılığın artırılması istiqamətində sistemli tədbirlərin görülməsi ilə gələcək nəsillərə sağlam və təhlükəsiz mühitin ötürülməsini özünün əsas prioritet vəzifələrindən biri kimi müəyyən edib.