Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov “Milla” süd məhsulları zavoduna səfər edib. Səfər çərçivəsində müəssisənin rəhbərliyi ilə görüş keçirilib və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı ATU ilə “Milla” zavodu arasında təhsil və istehsalat sahəsində mümkün tərəfdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı tələbələrin istehsalat təcrübəsinin təşkili, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, texnologiya və innovasiya sahəsində birgə təşəbbüslərin irəli sürülməsi məsələləri diqqət mərkəzində olub.
Səfər çərçivəsində rektor zavodun istehsal sahələri ilə yaxından tanış olub, istehsal prosesi və tətbiq edilən müasir texnologiyalarla bağlı ətraflı məlumat alıb.
“Milla” zavodu 12 istehsal xəttindən ibarət olmaqla gün ərzində 250 ton süd məhsulu istehsal etmə gücünə malikdir. Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti aparıcı sənaye müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu istiqamətdə atılan addımlar universitetin əmək bazarına uyğun tədris modelinə verdiyi töhfənin bir hissəsidir.