Azərbaycan Texnologiya Universitetində (ATU) “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi ilə birgə təşkil olunub.
Tədbirin əsas məqsədi universitetin pedaqoji kollektivi və tələbələri arasında mülki müdafiə sahəsində biliklərin artırılması, fövqəladə hallara hazırlığın gücləndirilməsi və bu istiqamətdə zəruri davranış qaydalarının təbliği olub.
Çıxış edənlər fövqəladə halların növləri, onların qarşısının alınması yolları, həmçinin belə hallarda düzgün davranış qaydaları barədə ətraflı məlumat veriblər. Eyni zamanda, mülki müdafiə üzrə ilkin tədbirlərin təşkili, əhalinin təhlükəsizliyinin təmin olunması və təxliyə planlarının hazırlanması mövzularına da toxunulub.
Tədbirdə nümayiş etdirilən təqdimatlar və praktiki tövsiyələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda iştirakçıların sualları cavablandırılıb, müvafiq maarifləndirici materiallar paylanılıb.
Bu fəaliyyət SDG 11 (Dayanıqlı şəhərlər və icmalar) və SDG 3 (Sağlamlıq və rifah) ilə yanaşı SDG 4 (Keyfiyyətli təhsil) ilə də əlaqəlidir. Fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirmə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verir. Təxliyə planları və ilkin müdafiə tədbirləri barədə biliklərin artırılması risklərə hazırlıq səviyyəsini yüksəldir. Bu isə daha dayanıqlı, təhlükəsiz və məlumatlı cəmiyyətin qurulmasına xidmət edir.