Azərbaycan Texnologiya Universitetində (ATU) təhsil alan əcnəbi tələbələr bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Gəncə Memorial Kompleksini ziyarət ediblər.
Ziyarət zamanı onlara Gəncəyə edilən raket hücumlarının dinc əhaliyə vurduğu ağır nəticələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Gəncə Memorial Kompleksi Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin oktyabrında Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilib.
Əcnəbi tələbələr kompleksi ziyarət edərək 44 günlük Vətən müharibəsi dövründə cəbhə xəttindən 80 km. uzaqda yaşayan sakinlərin, körpələrin yaşadığı faciəli hadisələr, itkilər və dövlət-xalq-ordu birliyinin gücü barədə məlumat alıblar.
Ekskursiyanın təşkilində məqsəd əcnəbi tələbələrin asudə vaxtının səmərəli təşkilini təmin etmək, onların ölkənin tarixi və mədəni həyatı ilə yaxından tanış olmalarına, Azərbaycan haqqında bilik və təsəvvürlərinin zənginləşməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, hazırda ATU-da Pakistan, Hindistan, Nepal, Banqladeş, Türkiyə, Rusiya, Nigeriya və digər ölkələrdən olan 106 tələbə bakalavriat və magistratura səviyyələrində, eləcə də Hazırlıq qruplarında təhsil alır.