Azərbaycan Texnologiya Universitetində (ATU) gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təcrübəli akademik heyətin növbəti ustad dərsləri təşkil edilib.
Bu dəfə Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri dosent Rövşən Qasımov “Yeni təlim və tədris metodları və interaktiv öyrənmənin təşviqi” mövzusunda master-klass keçib.
Təlimdə Avtomatika, telekommunikasiya və informatika fakültəsinin tabeliyində fəaliyyət göstərən Avtomatika və informasiya texnologiyaları, Kompüter mühəndisliyi və telekommunikasiya, Ümumi və tətbiqi fizika, eləcə də Ümumi və tətbiqi riyaziyyat kafedralarının müəllimləri iştirak ediblər.
Rövşən Qasımov ustad dərsi zamanı müxtəlif praktik nümunələr təqdim edib, gənc müəllimlərin tədris zamanı qarşılaşa biləcəkləri situasiyalarla bağlı məsləhətlər verib və onların həlli yollarını izah edib.
Tədbir qarşılıqlı müzakirələr şəklində keçib, iştirakçılar öz təcrübələrini bölüşüb, suallarını ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər.