Azərbaycan Texnologiya Universitetində Zəfərin 5 illiyi çərçivəsində vətənpərvərlik mövzusunda görüş keçirilib.

Tədbirdə Xüsusi Təyinatlı Qüvvələrin Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin sədri Nemət Abdullayev, sədr müavini Elçin Həsənov, qazi Ramil Qasımov, həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan mayor Mahir Hüseynov iştirak edib.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov tədbiri açaraq qonaqları salamlayıb, tələbələrə vətənpərvərlik ruhunun aşılanmasının əhəmiyyətindən danışıb. Görüşdə çıxış edən qonaqlar Vətən müharibəsində qazandığımız qələbədən, şəhidlərimizin qəhrəmanlığından və gənclərin vətənə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyindən bəhs ediblər.

Bu tədbir SDG 16 (Sülh, ədalət və güclü institutlar) ilə birbaşa əlaqəlidir. Vətənpərvərlik ruhunun gənclərə aşılanması cəmiyyətin dayanıqlı və məsuliyyətli vətəndaşlar əsasında formalaşmasına xidmət edir. Şəhid və qazilərin iştirakı ilə keçirilən görüşlər tarixi yaddaşın qorunmasına və milli həmrəyliyin möhkəmlənməsinə töhfə verir. Bu isə güclü və dəyərlərə əsaslanan cəmiyyətin inkişafını dəstəkləyir.

Tələbələr üçün unudulmaz təəssürat yaradan tədbir sonda xatirə fotosu ilə yekunlaşıb.