Azərbaycan Texnologiya Universitetində (ATU) Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdən əvvəl universitet ərazisində Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

ATU-nun rektoru Yaşar Ömərov çıxış edərək Heydər Əliyevin zəngin dövlətçilik irsinin bu gün də ölkənin inkişafının əsas dayaqlarından olduğunu bildirib. Rektor Ulu Öndərin elmə, təhsilə və gənclərə göstərdiyi diqqət və qayğının ATU-da həyata keçirilən islahatların ilhamverici qüvvələrdən biri olduğunu vurğulayıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ATU İnsan Resursları Şöbəsinin müdiri İlham Əlizadə və ATU Tələbə Gənclər Təşkilatının sədri Həsən Hüseynov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası, milli həmrəyliyin möhkəmləndirilməsi və gənclərin inkişafı sahəsində gördüyü işlərdən bəhs ediblər. Anım tədbiri Ulu Öndər Heydər Əliyevin ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafındakı tarixi xidmətlərinin yad edilməsi ilə davam edib.

Tədbirin sonunda tələbə Xədicə Qurbanlı Ulu Öndərə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər” şeirini səsləndirib.