Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat-seçki konfransı təşkil olunub. Tədbirdə elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov, Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, İnnovasiya Mərkəzinin müdiri Elnur Əhmədov, TEC sədri Aysel Məmmədli, fakültə TEC sədrləri və üzvləri iştirak ediblər.

Konfransda TEC sədri Aysel Məmmədli cəmiyyətin illik elmi fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Daha sonra fakültə TEC sədrləri çıxış edərək TEC-in fakültələr üzrə həyata keçirdiyi fəaliyyətlərdən, əldə olunan nailiyyətlərdən bəhs ediblər. Çıxışlarda TEC-in tələbələrin elmi biliklərinin artırılmasına və intellektual səviyyələrinin yüksəldilməsinə müsbət və səmərəli təsir göstərdiyi xüsusi vurğulanıb, eyni zamanda fəaliyyətin daha da genişləndirilməsi məqsədilə təkliflər səsləndirilib.

Konfrans TEC-in Şura üzvlərinin seçilməsi ilə öz işini yekunlaşdırıb. Ardınca TEC-in yeni tərkibdə ilk iclası keçirilib.