Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə diplomatik protokol xarakteri daşımır, həm də Cənubi Qafqaz ilə Balkan regionu arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar açır.
Belqradda dövlət başçısının rəsmi qarşılanma mərasimindən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirildi. Danışıqlarda ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri ətraflı müzakirə olundu. Tərəflər qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan münasibətlərin gələcəkdə də davam etdiriləcəyini vurğuladılar. Görüşlər zamanı regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində oldu. Həm Cənubi Qafqaz, həm də Balkan regionunda sabitliyin qorunmasının vacibliyi qeyd edildi və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin əhəmiyyəti ön plana çəkildi
Ümumiyyətlə Azərbaycan ilə Serbiya arasında münasibətlər qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə sadiqlik üzərində qurulub. Hər iki dövlət bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib. Bu prinsipial mövqe ölkələr arasında siyasi dialoqun əsasını təşkil edir və beynəlxalq platformalarda da özünü göstərir.
Prezident İlham Əliyevin Belqradda keçirdiyi yüksək səviyyəli görüşlər zamanı tərəflər siyasi əlaqələrin dinamik inkişafını məmnunluqla qeyd ediblər. Səfər çərçivəsində dövlət başçıları və nümayəndə heyətləri arasında keçirilən danışıqlarda regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və enerji layihələri əsas müzakirə mövzuları olub. Müzakirə olunan sahələrin daha da inkişaf etdirilməsi əsas hədəf kimi müəyyən edilib.
Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələr son illər ərzində əhəmiyyətli dərəcədə genişlənib. Ticarət dövriyyəsinin artımı, qarşılıqlı investisiya təşəbbüsləri və birgə layihələr əməkdaşlığın real nəticələrini nümayiş etdirir. Səfər zamanı biznes forumun təşkili iki ölkənin iş adamları arasında birbaşa təmasların qurulmasına şərait yaradıb. Azərbaycan şirkətləri Serbiyada infrastruktur layihələrində iştirak edir, eyni zamanda Serbiya şirkətləri də Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməkdə maraqlıdır. Nəqliyyat, tikinti, kənd təsərrüfatı və sənaye sektorları əməkdaşlıq üçün prioritet istiqamətlər kimi müəyyən olunub.
Enerji sahəsi Azərbaycan–Serbiya münasibətlərində xüsusi yer tutur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu kontekstdə Serbiya ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Tərəflər qaz təchizatı, alternativ enerji mənbələri və enerji infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Azərbaycanın zəngin enerji resursları və Serbiyanın Avropa bazarlarına inteqrasiya imkanları qarşılıqlı faydalı tərəfdaşlıq modelinin formalaşmasına zəmin yaradır. Bu əməkdaşlıq regionda enerji şaxələndirilməsinə də töhfə verir.
Səfər çərçivəsində humanitar sahədə əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Təhsil, mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Mədəni tədbirlər və qarşılıqlı səfərlər ictimai diplomatiyanın inkişafında mühüm rol oynayır. Azərbaycan və Serbiya arasında dostluq münasibətləri yalnız rəsmi səviyyədə deyil, xalqlar arasında da səmimi təmaslarla müşayiət olunur. Bu isə əməkdaşlığın davamlı və uzunmüddətli xarakter almasına zəmin yaradır.
Prezident İlham Əliyevin Serbiyaya səfəri həm də daha geniş geosiyasi kontekstdə əhəmiyyətlidir. Cənubi Qafqazda formalaşan yeni reallıqlar və Balkan regionunda inteqrasiya prosesləri fonunda Bakı ilə Belqrad arasında əməkdaşlıq sabitlik və inkişaf üçün əlavə platforma yaradır. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir və çoxtərəfli diplomatiyada koordinasiyalı mövqe nümayiş etdirir. Bu isə strateji tərəfdaşlığın yalnız ikitərəfli deyil, həm də qlobal səviyyədə əhəmiyyətini artırır.
Nəticə etibarı ilə demək olar ki, Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri Azərbaycan–Serbiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Siyasi dialoqun dərinləşməsi, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, humanitar əlaqələrin güclənməsi iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyini əminlik yaradır. Bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan və Serbiya qarşılıqlı etimad, hörmət və ortaq maraqlar əsasında qurulan münasibətləri gələcək illərdə də inkişaf etdirmək əzmindədir. Strateji baxış və praqmatik yanaşma isə bu tərəfdaşlığın davamlı uğurunun əsas təminatıdır.
Şahmar Umud oğlu Həsənov
Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru