Azərbaycan Texnologiya Universitetində (ATU) Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində “İnnovativ şəhərsalma və yaşıl infrastrukturun inkişafı” adlı seminar təşkil edilib.

Seminarda Ətraf mühitin mühafizəsi kafedrasının müdiri, prof. Elşad Məmmədov “Müasir şəhərsalma və ekologiya: davamlı inkişafa doğru” mövzusunda məruzə ilə çıxış edib. Professor şəhərsalmanın ekoloji aspektlərini, yaşıl infrastrukturun əhəmiyyətini və davamlı inkişaf prinsiplərini seminar iştirakçılarına təqdim edib.

Seminarda Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Ətraf mühitin mühafizəsi kafedrasının dosenti İrşad Abbasov və baş müəllimi Fikrət Əmiraslanov çıxış edərək şəhərsalma, urbanizasiya və sosial-iqtisadi inkişaf mövzularında fikir mübadiləsi aparıblar.

Ekologiya ixtisasının tələbəsi Əsmər Qocamanovanın “Azərbaycanda şəhərsalma siyasəti və infrastruktur layihələri” mövzusunda çıxışı dinlənildikdən sonra professor-müəllim heyəti və tələbələr innovativ şəhərsalma yanaşmaları, ekoloji layihələr və davamlı infrastruktur sahəsində geniş müzakirə ediblər.