Azərbaycan Texnologiya Universitetində (ATU) Novruz bayramı münasibətilə şənlik keçirilib. Tədbirdə universitetin rektoru Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, qazilər, universitet əməkdaşları və tələbələr iştirak ediblər.
Bayram proqramı çərçivəsində müxtəlif musiqi kollektivlərinin, həmçinin ATU-nun Bədii Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən tələbələrin çıxışları təqdim olunub, milli rəqslər nümayiş etdirilib.
Universitetin həyətində təşkil olunan şənlikdə Novruz ənənələrini əks etdirən süfrələr qurulub, fakültələr arasında kəndirdartma yarışı baş tutub. Bayramın rəmzləri olan Kosa və Keçəl iştirakçılara xüsusi ovqat bəxş edib.
Şənliyin ən yaddaqalan məqamlarından biri qazi tələbə və məzunların rektor Yaşar Ömərovla birlikdə bayram tonqalını alovlandırması olub. Tədbirin sonunda iştirakçılar tonqal ətrafında yallı gedərək bayramı böyük ruh yüksəkliyi ilə qeyd ediblər.