Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Qazaxıstan Rektorlarının İkinci Forumu keçirilib. Forumda Qazaxıstan və Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları, o cümlədən Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov iştirak edib.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev və qazaxıstanlı həmkarı Sayasat Nurbek çıxış edərək iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıblar.
Forum çərçivəsində universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihələrin təşviqi və təcrübə mübadiləsinin inkişafı kimi bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, Forum ölkələrarası akademik tərəfdaşlıqları gücləndirərək bilik və təcrübə mübadiləsini təşviq edir, ali təhsil sahəsində birgə təşəbbüslərin formalaşmasına imkan yaradır və qlobal çağırışların həllində institusional əməkdaşlığı genişləndirməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 17 (SDG 17) ilə uyğunluq təşkil edir. Bu kimi təşəbbüslər, universitetlər və dövlət qurumları arasında strateji tərəfdaşlıqların qurulmasına töhfə verərək, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına mühüm dəstək göstərir.