Gəncə şəhərində yerləşən 4 saylı Uşaq evinin sakinləri olan şagirdlər üçün Azərbaycan Texnologiya Universitetinin (ATU) təşəbbüsü ilə təlim proqramı təşkil olunub.
İki həftə davam edən proqram çərçivəsində yeniyetmələr üçün tikiş və kompüter kursları keçirilib. Təlimlər zamanı iştirakçılara ilkin peşə bacarıqları, praktiki biliklər və gündəlik həyatda istifadə edə biləcəkləri vərdişlər aşılanıb. Tikiş kursunda iştirakçılar geyimlərin hazırlanması və sadə dizayn elementləri ilə tanış olub, kompüter kurslarında isə əsas proqramlardan istifadə, rəqəmsal savadlılıq və texnoloji bacarıqlar üzrə biliklərini artırıblar.
Təlimlər interaktiv formada təşkil olunub, iştirakçılar praktiki məşğələlərdə fəal iştirak edərək əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Layihənin yekun mərhələsində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov uşaqlarla görüşüb. Görüş zamanı rektor yeniyetmələrlə səmimi söhbət aparıb, onların təlimlər barədə təəssüratları və gələcək planları ilə maraqlanıb. O, bu cür sosial yönümlü layihələrin əhəmiyyətini vurğulayaraq təlimdə qazandıqları bacarıqların gələcək həyatda onlar üçün faydalı olacağını qeyd edib və iştirakçılara uğurlar arzulayıb.
Proqramın sonunda yeniyetmələr təlimləri uğurla başa vurduqlarına görə sertifikatlarla təltif ediliblər.
Layihənin əsas məqsədi uşaq evi sakinlərinin fərdi inkişafına dəstək göstərmək, onların peşə bacarıqlarını artırmaq və gələcək həyata daha inamla hazırlaşmalarına töhfə vermək olub.