Azərbaycan Texnologiya Universitetində 14–15 may tarixlərində baş tutacaq Karyera Festivalı çərçivəsində tələbələr üçün ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin iştirakı ilə Karyera Təlimləri təşkil olunacaq.
Festivalın ilk günündə keçiriləcək peşəkar inkişaf sessiyası çərçivəsində “AzerFon” (Nar) MMC-nin Marketinq ünsiyyəti şöbəsinin rəhbəri Aydın İsrafil və qrafik dizayneri Emil Rzayevin təlimləri saat 12:00-da, işə qəbul üzrə eksperti Kərim Rüstəmovun çıxışı isə saat 13:30-da baş tutacaq.
Saat 14:00-da isə Kapital Bankın İstedadların cəlbi və seçimi şöbəsinin aparıcı mütəxəssisi Aynur Şalbuzovanın, “Azersun Holding”in işə qəbul və karyera üzrə baş mütəxəssisləri Merac Baharov və Eldəniz Mehdizadənin, “AzerGold” QSC-nin İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədovun, eləcə də “Agro Dairy”nin işə qəbul üzrə mütəxəssisi Nuranə Süleymanovanın təlimçi qismində iştirak edəcəyi sessiyalar keçiriləcək.
Təlimlər zamanı məzun olmağa hazırlaşan ATU tələbələrinin aparıcı şirkətlərin real iş təcrübələri ilə tanış olması, əmək bazarının tələblərini birbaşa öyrənməsi, peşəkar bacarıqlarını inkişaf etdirməsi və gələcək karyera yolunu daha düzgün və məqsədyönlü şəkildə formalaşdırması üçün fürsət yaranacaq.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində son kurs tələbələrinin əmək bazarına daha mütəşəkkil hazırlanması məqsədilə Karyera Festivalı təşkil olunur. Festival çərçivəsində Karyera Forumu, Karyera Təlimləri və infosessiya xarakterli digər görüşlər baş tutacaq.