Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Basketbol Federasiyası (ABF) və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş region ali təhsil müəssisələrinin tələbələri arasında basketbol turniri keçirilib.

Gəncə İdman Sarayında baş tutan turnirin açılış mərasimində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, şəhər və region ictimaiyyətinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, tələbələr və idmançılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra turnirə püşkatma mərasimi ilə start verilib. İki gün davam edən yarış Azərbaycan Basketbol Federasiyasının hakimlər kollegiyasının müvafiq lisenziyaya malik meydan və masa hakimləri tərəfindən idarə olunub.

Kubok uğrunda Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin tələbə komandaları mübarizə aparıblar.

Turnirin final mərhələsində üçüncü yer uğrunda keçirilən oyunda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Mingəçevir Dövlət Universitetinin komandaları qarşılaşıb. Oyun 85:31 hesabı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin qələbəsi ilə yekunlaşıb və komanda turnirin bürünc medalına sahib olub.

Final oyununda isə Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Dövlət Universitetinin komandaları mübarizə aparıb. Gərgin və maraqlı keçən qarşılaşma 107:96 hesabı ilə Azərbaycan Texnologiya Universitetinin qələbəsi ilə başa çatıb. Bununla da ATU basketbol üzrə regional turnirin qalibi olub.

Yarışın sonunda qaliblərə medal, diplom və kubok təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti universitetlərarası basketbol yarışını artıq ənənəvi olaraq təşkil edir. Yarışın keçirilməsində əsas məqsəd tələbələr arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili və komanda ruhunun inkişaf etdirilməsidir.