Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin xarici dil bacarıqlarının inkişaf etdirilməsi və peşəkar hazırlığının dəstəklənməsi məqsədilə təşkil olunan növbəti ödənişsiz ingilis dili təlimləri uğurla yekunlaşıb.

Universitetin Strateji İnkişaf Planının (SİP) icrası çərçivəsində keçirilən təlimlər 15 aprel – 15 may tarixlərini əhatə edib. Təlim proqramı universitetin 1-ci və 3-cü kurs tələbələri üçün təşkil olunub.

Təlimlər universitetin müəllimləri Səbinə Bağırova və Leyla Kərimova tərəfindən aparılıb. Proqram müddətində tələbələrin ingilis dili üzrə danışıq, dinləmə, oxu və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif praktik məşğələlər keçirilib.

Təlim proqramını uğurla başa vuran tələbələr sertifikatla təltif olunublar. Sertifikatlar Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov tərəfindən təqdim edilib.

Qeyd edək ki, ATU-da tələbələrin bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif istiqamətli təlim və inkişaf proqramlarının təşkili mütəmadi olaraq davam etdirilir.