Azərbaycan Texnologiya Universiteti bu günədək həyata keçirdiyi ən genişmiqyaslı tanıtım kampaniyalarından birini uğurla başa çatdırıb.

Universitetin əməkdaşları Gəncə şəhəri ilə yanaşı ətraf rayonlarda, həmçinin Aran bölgəsinin müxtəlif şəhər və rayonlarında səfərbər olaraq abituriyentlərlə silsilə görüşlər keçiriblər. Kampaniya çərçivəsində ümumilikdə 15-ə yaxın şəhər və rayonda yerləşən 100-ə yaxın məktəb ziyarət olunub, əsasən 10 və 11-ci sinif şagirdləri ilə görüşlər təşkil edilib.

Bir ay davam edən tanıtım sessiyalarında universitetin bütün kafedralarının professor-müəllim heyəti ilə yanaşı, ATU-da təhsil alan əcnəbi tələbələr də iştirak ediblər. Bu isə şagirdlərdə universitetin beynəlxalq mühiti və multikultural təhsil imkanları barədə daha dolğun təsəvvür formalaşdırıb.

Görüşlər ənənəvi təqdimat formatından fərqli olaraq interaktiv şəkildə təşkil olunub. Şagirdlərlə müxtəlif oyunlar, intellektual müsabiqələr, sual-cavab sessiyaları keçirilib, qaliblərə hədiyyələr təqdim olunub. Eyni zamanda universitetin ixtisasları, tələbə həyatı, beynəlxalq əlaqələri, təqaüd imkanları və sənaye əməkdaşlıqları barədə ətraflı məlumatlar verilib.

Şagirdlər tərəfindən böyük maraqla qarşılanan görüşlər gənclərin gələcək ixtisas seçiminə dəstək olmaqla yanaşı, onların ali təhsil haqqında məlumatlılığının artırılmasına mühüm töhfə verib.