Azərbaycan Texnologiya Universitetinin (ATU) İctimai Nəzarət Şurasının (İNŞ) növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov İctimai Nəzarət Şurası üzvlərini salamlayaraq universitetdə son dövrlərdə həyata keçirilən yeniliklər və strateji inkişaf istiqamətləri, o cümlədən rəqəmsallaşma prosesinin sürətləndirilməsi barədə ətraflı məlumat verib.

İclasda İctimai Nəzarət Şurasının sədri – AMEA-nın Gəncə Bölməsinin direktoru akademik Fuad Əliyev, üzvlərdən millət vəkili Naqif Həmzəyev, “Respublika” qəzetinin sabiq bölgə müxbiri, “Əmək veteranı” Zabit Xəlilov, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov, “Təmas” Regional İnkişaf İB-nin sədri Südabə Məmmədova iştirak edib.

İNŞ üzvləri 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyası ilə tanış olub, prosesi monitor vasitəsilə izləyiblər. Onlara imtahanların təşkili, tətbiq olunan rəqəmsal yeniliklər, İmtahan Komissiyası və Apellyasiya Komissiyasının fəaliyyəti barədə məlumat verilib.

Daha sonra qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Şura üzvləri həyata keçirilən yenilikləri müsbət qiymətləndirərək öz təklif və tövsiyələrini universitet rəhbərliyinə təqdim ediblər.

Qeyd edək ki, ATU İctimai Nəzarət Şurası 3 ildir fəaliyyət göstərir. Şuranın hər imtahan sessiyasında iclası təşkil edilir, imtahanların gedişi yerində izlənilir, tədris prosesinin təşkili və universitetin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunur, təklif və tövsiyələr hazırlanaraq universitet rəhbərliyinə təqdim edilir, eyni zamanda universitetin fəaliyyəti ilə bağlı ictimai rəy öyrənilir.