Gəncə şəhərində Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış TəhsilPlus kartı layihəsinin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, eləcə də Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə və digər rəsmilər iştirak ediblər.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov tədbirdə çıxış edib. Rektor bildirib ki, TəhsilPlus kartı təhsil işçilərinin sosial rifahının gücləndirilməsi istiqamətində mühüm təşəbbüsdür. O qeyd edib ki, müəllim və təhsil işçilərinə təqdim olunan güzəşt və üstünlüklər onların gündəlik həyatına əlavə dəyər qatmaqla yanaşı, əməyinə verilən qiymətin göstəricisidir. Rektor bu kimi layihələrin təhsil işçilərinin motivasiyasının artırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən digər rəsmilər layihənin təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, rəqəmsal xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və təhsil sistemində innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətini vurğulayıblar.
Sonda əməkdaşlara TəhsilPlus kartları təqdim olunub.