Azərbaycan Texnologiya Universitetində (ATU) “Coca-Cola” şirkətinin və Kapital Bankın dəstəyi ilə Məzun Günü tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov məzunları təbrik edərək onların həyatında yeni və məsuliyyətli bir mərhələnin başlandığını bildirib. Rektor qeyd edib ki, universitetdə əldə olunan bilik, bacarıq və dəyərlər məzunların gələcək fəaliyyətində ən böyük dayaqlardan biri olacaq. O vurğulayıb ki, bu il ATU-dan məzun olan 829 gənc ölkənin müxtəlif sahələrində çalışaraq Azərbaycanın inkişafına öz töhfəsini verəcək, cəmiyyətə faydalı və layiqli vətəndaş kimi yetişdiklərini təsdiqləyəcəklər. Rektor məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və valideyn Səadət Rzayeva çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Rəsmi hissədə qazi məzun Mirmahmud Əhmədov, əlaçı məzun Türkanə Rəhimova və universitetin ictimai həyatında fəallığı ilə seçilən məzun Xəyal Məmmədəliyev də çıxış edərək tələbəlik illəri ilə bağlı xatirələrini və təəssüratlarını bölüşüblər.

Daha sonra fakültələr üzrə ən yüksək akademik göstəricilər əldə edən məzunlar təltif olunub. Onlara təşəkkürnamələr və Kapital Bank tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

Tədbirin bədii hissəsində universitetin Bədii Yaradıcılıq Mərkəzinin üzvləri maraqlı musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Məzun Gününün konsert proqramında tanınmış müğənni, əfsanəvi “Karvan” qrupunun solisti İlqar Xəyal, “Gəncə Band” musiqi qrupu və DJ Rüstəm çıxış edərək tədbir iştirakçılarına xoş anlar yaşadıblar.

Tədbirin sonunda məzunlar Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, qazandıqları bilik və bacarıqları ölkənin tərəqqisi naminə tətbiq edəcəklərinə söz verərək məzun andını səsləndirib, daha sonra məzun papaqlarını səmaya atıblar.