Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı ildə Almaniya Federativ Respublikasına rəsmi səfəri iki dövlət arasındakı münasibətlərin yeni strateji mərhələsinin başlanğıcı kimi tarixə düşdü. Səfər çərçivəsində Azərbaycan və Almaniya arasında enerji, ticarət, nəqliyyat və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə mühüm sənədlər imzalandı. Prezident İlham Əliyev Ermənistanla sülh sazişini regionda uzunmüddətli sabitlik üçün tarixi dönüş nöqtəsi adlandıraraq, Avropa İttifaqının bu prosesə verdiyi dəstəyi də yüksək qiymətləndirdi.
Azərbaycan-Almaniya münasibətlərinin strateji sütunlarından biri enerji sahəsidir. Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi rolu xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Berlində bəyan etdi ki, Azərbaycan Almaniyaya qaz və neft tədarükünü artırmağa hazırdır. SOCAR vasitəsilə illik 2 milyard kubmetr qaz ixracı planı Avropanın enerji xəritəsində mühüm dəyişiklik yaradır və Almaniyanın enerji diversifikasiyası strategiyasına uyğun gəlir. Bu addım həm Avropanın enerji asılılığını azaltmaq, həm də Azərbaycanı Avropanın enerji təhlükəsizliyində aparıcı oyunçuya çevirmək baxımından tarixi əhəmiyyət daşıyır.
Enerji əməkdaşlığının davamlılığı bölgədə sabitlikdən asılıdır. Məhz bu səbəbdən Prezident İlham Əliyev Ermənistanla sülh sazişini regionda sabitlik və yeni iqtisadi imkanların açılması baxımından tarixi addım kimi təqdim etdi: “Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək”. Bu saziş Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunmasına, sərhədlərin açılmasına və regional əməkdaşlığın genişlənməsinə şərait yaradır. Almaniya tərəfi də bu prosesi yüksək qiymətləndirərək, Avropa İttifaqının bölgədə sabitlik və inkişafı dəstəklədiyini vurğuladı. Sülh sazişi yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi və sosial sahələrdə yeni imkanların açılmasına zəmin yaradır.
Azərbaycan–Almaniya münasibətlərinin mühüm istiqamətlərindən digəri iqtisadi əməkdaşlıqdır. Səfər çərçivəsində “Azərbaycan–Almaniya Biznes Şurası”nın yaradılması barədə Birgə Bəyannamə imzalandı. Bu yeni platforma iki ölkənin özəl sektorları arasında davamlı dialoq və əməkdaşlıq üçün institusional çərçivə yaradır. Biznes Şurası vasitəsilə şirkətlər arasında birbaşa əlaqələrin gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması nəzərdə tutulur. Bu addım Azərbaycan–Almaniya iqtisadi münasibətlərinin uzunmüddətli inkişafına xidmət etməklə yanaşı, Avropa bazarında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.
Prezident İlham Əliyev nəqliyyat və logistika sahəsini də Azərbaycan–Almaniya əməkdaşlığının mühüm istiqamətlərindən biri olduğunu qeyd etdi, xüsusi olaraq Orta Dəhlizin strateji əhəmiyyətini vurğuladı: “Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur”. O, Alat limanına qoyulan sərmayələrin Çin–Avropa yükdaşımalarını artıracağını qeyd edərək, Azərbaycanın qlobal tranzit mərkəzinə çevrilmək potensialını ön plana çıxardı. Bu təşəbbüs yalnız regional iqtisadi əlaqələri gücləndirmir, həm də Avropa ilə Asiya arasında etibarlı və sürətli nəqliyyat marşrutlarının formalaşmasına xidmət edir. Almaniya tərəfi də Orta Dəhlizin Avropa sənayesi üçün strateji imkanlar yaratdığını vurğuladı.
Tarixi səfər zamanı Azərbaycan–Almaniya əməkdaşlığının mühüm istiqamətlərindən biri olaraq elm və innovasiya sahəsinə də diqqət yetirildi. Rəqəmsal transformasiya, ERP sistemlərinin tətbiqi və vahid ekosistemə inteqrasiya məsələləri müzakirə olundu. Qeyd edildi ki, bu əməkdaşlıq iki ölkə arasında texnoloji tərəfdaşlığın güclənməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına və innovasiya layihələrinin həyata keçirilməsinə şərait yaradır. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın rəqəmsal transformasiya strategiyası Avropa təcrübəsi ilə birləşdirildikdə, ölkənin iqtisadi modernləşməsi daha sürətli və davamlı olacaq. Almaniya tərəfi də bu sahədə birgə layihələrin genişləndirilməsini dəstəklədiyini bəyan etdi.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri yalnız iki ölkə arasında imzalanan sənədlərlə məhdudlaşmadı, həm də gələcək əməkdaşlığın yol xəritəsini müəyyənləşdirdi. Enerji təhlükəsizliyi, sülhün möhkəmlənməsi, iqtisadi tərəfdaşlıq, nəqliyyat-logistika və innovasiya sahələrində atılan addımlar Azərbaycan–Almaniya münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltdi. Bu səfər göstərdi ki, tərəflər yalnız bu günün ehtiyaclarını deyil, həm də sabahın çağırışlarını birlikdə qarşılayacaq. Azərbaycan və Almaniya arasında qurulan yeni strateji çərçivə gələcəkdə regional və qlobal miqyasda əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcək.
Azərbaycan Texnologiya Universiteti
Humanitar elmlər və multikulturalizm kafedrasının
baş müəllimi Zəminə Novruzova