Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatının fəal üzvlərindən ibarət komandası “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Respublika Gənclər Debat Forumu: Yay 2026”nın qalibi olub.

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forumda ölkənin 10-dan çox regionunun qalib komandaları bir araya gələrək şəhərsalma, memarlıq, dayanıqlı inkişaf, urbanizasiya və müasir şəhər mühitinin formalaşdırılması mövzularında debat aparıblar.

Gərgin və maraqlı mübarizənin yekununda Gəncə–Daşkəsən regionunu təmsil edən ATU komandası bütün rəqiblərini geridə qoyaraq çempion adını qazanıb.

Forumun fərdi nəticələrində də ATU tələbələri uğur əldə ediblər. Belə ki, “Ən yaxşı natiq” nominasiyası üzrə ölkə birinciliyi və ikinciliyi Gəncə–Daşkəsən regionunu təmsil edən Azərbaycan Texnologiya Universitetinin tələbələrinə məxsus olub.