Azərbaycan Texnologiya Universitetində (ATU) yeni qəbul olunmuş tələbələrin universitet həyatına uyğunlaşmasını asanlaşdırmaq məqsədilə Tanışlıq Günü keçirilib.
Görüş zamanı birinci kurs tələbələrinə universitetin strukturu və idarəetmə sistemi, tədris prosesinin təşkili, fakültələrin yerləşməsi və kafedraların fəaliyyəti barədə məlumat verilib. Tələbələr fakültə rəhbərləri, akademik məsləhətçilər və kafedraların fəaliyyəti ilə tanış olub, auditoriyalara baxış keçiriblər.
Tədbirdə həmçinin universitetin daxili qaydaları, təhsil müddətində istifadə olunacaq elektron sistemlər və digər məsələlər barədə məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
Digər şəhər və rayonlardan Gəncəyə gələn tələbələrə isə yaşayış imkanları, kirayə bazarı və yaşayış obyektlərinin seçimi, eləcə də təhlükəsiz yaşayış mühiti ilə bağlı tövsiyələr təqdim olunub.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə ATU-nun bakalavriat səviyyəsinə 1524 nəfər qəbul olub.