Azərbaycan Texnologiya Universitetində (ATU) yeni laboratoriya və tədris otaqları istifadəyə verilib. Universitetin rektoru Yaşar Ömərov yeni məkanlarla tanış olub.
Rəqəmsal texnologiyalar fakültəsində 3 yeni kompüter laboratoriyası istifadəyə verilib. Hər biri 20 tələbə üçün nəzərdə tutulan laboratoriyalar Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 60 kompüterlə təchiz olunub.
Yeni laboratoriyalarla tanış olan rektor bildirib ki, ölkədə rəqəmsallaşmanın sürətlə getdiyi bir dövrdə ali təhsil müəssisələrində müasir texniki imkanların yaradılması xüsusi əhəmiyyət daşıyır. Yaşar Ömərov qeyd edib ki, belə laboratoriyalar tələbələrin rəqəmsal bacarıqlarının inkişafına, müasir texnologiyalarla işləmək təcrübəsi qazanmasına və gələcəyin tələblərinə uyğun mütəxəssis kimi formalaşmasına imkan yaradacaq.
Daha bir laboratoriya universitetin Nəqliyyat və sənaye texnologiyaları fakültəsində istifadəyə verilib. Maşın hissələri adlı 15 tələbə tutumuna malik laboratoriya Mexanika və nəqliyyat texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərəcək.
Turizm fakültəsində isə 3 tədris otağı əsaslı təmirdən sonra tələbə və müəllimlərin istifadəsinə verilib. Otaqlardan biri 60 tələbə yerlik mühazirə otağıdır. Digər 2 otağın hər biri 30 tələbə üçün nəzərdə tutulub. Yeni auditoriyalar mühazirələrin, məşğələlərin və interaktiv dərslərin keçirilməsinə imkan verəcək.