Azərbaycan Texnologiya Universitetində (ATU) “Agro Dairy” şirkətinin mütəxəssisləri tərəfindən Qida mühəndisliyi ixtisasının tələbələri üçün iki günlük təlimlər keçirilib.
İlk gün şirkətin nümayəndəsi - öyrənmə və inkişaf üzrə supervayzeri Aysel Rzayeva tələbələrə “Səmərəli ünsiyyət qaydaları” mövzusunda təlim keçib. Təlimdə effektiv ünsiyyətin əsas prinsipləri, qarşılıqlı əlaqənin düzgün qurulması və peşəkar mühitdə ünsiyyət bacarıqları barədə danışılıb.
İkinci gün isə şirkətin keyfiyyətə nəzarət üzrə direktor müavini Bəhruz Səfərov tərəfindən “Buğda qəbulu, saxlanması və emalı proseslərində keyfiyyətə nəzarət fəaliyyəti” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində tələbələr buğdanın qəbulu, saxlanması və emalı mərhələlərində keyfiyyətə nəzarətin təşkili, istehsalatda tətbiq olunan yanaşmalar və əsas nəzarət meyarları ilə tanış olublar.
Şirkət mütəxəssisləri ilə keçirilən görüşlər tələbələrin qida sənayesində tətbiq olunan iş prinsipləri və istehsalat prosesləri haqqında biliklərini genişləndirib.