Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şuranın sədri Yaşar Ömərov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda İnformasiya texnologiyaları və təhlükəsizliyi kafedrasının müdiri Rövşən Qasımovun hesabatı dinlənilib.

Elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidovun təqdimatı əsasında yeni ixtisasların açılması ilə bağlı işçi qrup tərəfindən hazırlanmış sənəd və materiallar müzakirə olunub.

Strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov Strateji İnkişaf Planının həyata keçirilməsi üzrə 2026-cı ilin Fəaliyyət Planının I yarımili üçün icrasına dair hesabatla çıxış edib.

Daha sonra Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov Tyutor kursunun Əsasnaməsini təsdiq olunması üçün Elmi Şura üzvlərinin müzakirəsinə təqdim edib.

İclasda gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.