Azərbaycan Texnologiya Universitetinin (ATU) “Startapçı tələbə” təqaüd proqramının ilk qalibləri müəyyənləşib. Məmmədov Ayxan, Quliyev Turan, Nağıyev Uğur və Abbasov İsmayıl universitetin “Startapçı tələbə” təqaüdünə layiq görülüblər. 

Universitetin rektoru Yaşar Ömərov onlarla görüşərək bu uğur münasibəti ilə təbrik edib. Həmçinin universitetin İnnovasiya Mərkəzinin dəstəyi ilə indiyədək ərsəyə gətirdikləri layihələri və fəaliyyətləri ilə tanış olub. Söhbət zamanı tələbələrin üzərində çalışdıqları layihələrin inkişaf perspektivləri, onların praktiki tətbiqi və bu istiqamətdə universitetin yarada biləcəyi imkanlar müzakirə edilib.

Yaşar Ömərov tələbələrə yeni layihələri üzərində davamlı işləməyi və praktik nəticəyə çevirməyi tövsiyə edib. Rektor universitetdə bu istiqamətdə yaradılan imkanlardan yararlanmağın tələbələrin həm layihələrinin inkişafına, həm də praktiki təcrübələrinin genişlənməsinə imkan verəcəyini bildirib.

Qeyd edək ki, “Startapçı tələbə” təqaüd proqramı Azərbaycan Texnologiya Universitetinin daxili proqramıdır və bu ilin mart ayında təsis edilib. Proqram çərçivəsində qaliblərin hər birinə aylıq 150 manat məbləğində təqaüd veriləcək.

Seçim zamanı tələbələrin real bacarıqları, layihə təcrübəsi və innovativ fəaliyyəti əsas meyarlar kimi nəzərə alınıb. İstifadəçi bazası olan, tətbiqlər hazırlayan, texnoloji layihələr üzərində çalışan və praktik nəticələr ortaya qoyan tələbələrə üstünlük verilib.

Proqramın əsas məqsədi təqaüd imkanlarını yalnız yüksək akademik göstəricilərlə məhdudlaşdırmamaq, eyni zamanda ideya yaradan, layihə hazırlayan, innovativ düşüncəsi və təşəbbüskarlığı ilə seçilən tələbələri də dəstəkləməkdir.