Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-si tariximizə Zəngilan Şəhəri Günü kimi daxil edilmişdir. Bu əlamətdar gün təqvimdə sadə bir  bayram deyil, həm də, xalqımızın dəmir iradəsinin, milli birliyinin və tarixi ədalətin bərpasının təntənəsidir.  

44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə xalqımızın otuz illik həsrətinə son qoydu. Bu hadisə Azərbaycanın qızıl hərflərlə yazılmış ən yeni tarixidir ki, bu şanlı salnamənin ən parlaq səhifələrindən biri də Müzəffər Azərbaycan Ordusunun 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin düşmən tapdağından azad etməsi və ölkəmizin hərbi-strateji üstünlüyünü nümayiş etdirdiyi Zəngilan əməliyyatıdır. 

Otuz ilə yaxın davam edən işğal dövründə düşmən digər işğal altında olan torpaqlarımız kimi Zəngilan rayonunun da həm maddi-mədəniyyət abidələrini, həm də dini ocaqlarını hədəfə almış, dağıntılara məruz qoymuşdu. Rayon ərazisindəki qədim məscidlər, tarixi abidələr, qəbiristanlıqlar dağıdılmış, təhqir xarakterli münasibətlərə məruz qalmışdı. Bir xalqın mədəniyyətinə, dininə, inancına, milli-mənəvi irsinə göstərilən bu cür münasibət bizim bu illər ərzində necə bir düşmənlə üz-üzə qaldığımızın ən bariz görüntüsüdür. Məkrli düşmən vandalizmininə məruz qalaraq viran qoyulan Zəngilan şəhər məscidi də işğal dövründə tamamilə dağıdılaraq xarabalığa döndərilmiş, öz əvvəlki görkəmini 70%-ə qədər itirmişdi.

Lakin torpaqlarımız azad edildikdən sonra dövlətimiz bu istiqamətdə mühüm addımlar ataraq Zəngilan şəhərində qədimlik və müasirliyin sintezi ilə yeni məscid kompleksinin inşasına başladı. Müasir tikinti texnologiyaları ilə qədim memarlıq üslubunun vəhdətindən yaradılan yeni kompleks düzbucaqlı plan quruluşlu, iki minarəli layihələndirilib. Burada 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb. Tarixi Zəngilan məscidinin qalıqları isə erməni işğalçılarının Qarabağ və Şərqi Zəngəzurda dini abidələrimizə qarşı törətdikləri vanadalizmi bütün çılpaqlığı ilə əks etdirən və gələcək nəsillərə ötürən tarix dərsi kimi açıq səma altında sərgiyə çevrilib.  

Dağıdılmış məscidlərimizin bərpası və yeni ibadət ocaqlarının inşası xalqımızın milli yaddaşına və mənəviyyatına sahib çıxdığının əyani sübutudur. Tarixi abidələrlə yanaşı, bütün rayon ərazisinin yenidən qurulması isə tam yeni bir mərhələnin – Böyük Qayıdışın başlanğıcıdır.

Zəngilan şəhərinin azad olunmasından dərhal sonra başlanan bərpa və quruculuq işləri dirçəliş, inşa və strategiya çərçivəsində birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarəti və müstəsna diqqəti ilə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Zəngilana etdiyi müntəzəm səfərlər bu bölgənin qısa müddət ərzində dünyanın ən müasir yaşayış məntəqələrindən birinə çevrilməsinin təminatçısıdır. Dövlət başçımızın səfərləri bir sıra konsepsiyaların – strateji təməllər və “Ağıllı şəhər”, nəqliyyat və logistika qovşağı, iqtisadiyyat, ekologiya və turizm istiqamətlərinin uğurla reallaşmasına, Zəngilanın isə müasir dövrün tələblərinə cavab verən tam yeni inkişaf modelinə çevrilməsinə zəmin yaratmışdır. Prezident İlham Əliyevin səfərləri çərçivəsində Zəngilanda təməli qoyulan layihələr regionun gələcək inkişaf vektorunu müəyyənləşdirib. Rayonun Ağalı kəndində icra olunan və ölkəmizdə ilk olan "Ağıllı kənd" layihəsi artıq Böyük Qayıdışın uğurlu başlanğıcına çevrilib, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edib. Eyni zamanda, 2022-ci ildə istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı şəhəri beynəlxalq nəqliyyat dəhlizinə çevirməklə yanaşı, Şərqi Zəngəzurun və Naxçıvanın iqtisadi potensialının artmasında həlledici rol oynayır. O cümlədən, Zəngilan Logistika Mərkəzinin, məktəb və xəstəxana binalarının təməli qoyulmuş, bəzilərinin açılışı həyata keçirilmişdir. Ekoloji tarazlığın bərpası məqsədilə Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası istiqamətində görülən işlər də məhz dövlət başçısının diqqət mərkəzindədir.

Bütün bu bərpa və quruculuq işləri sübut edir ki, şəhidlərimizin qanı bahasına alınmış bütün torpaqlarımızda həyat yenidən qaynayır. Beləliklə də, həm Zəngilan, həm də digər azad edilmiş yurdlarımız  tezliklə ölkəmizin ən gözəl, abad və iqtisadi cəhətdən inkişaf etmiş mərkəzlərinə çevriləcəkdir.

  •  Azərbaycan Texnologiya Universiteti
  • Humanitar elmlər və multikulturalizm kafedrasın
  • baş müsəllimi Zəminə Rəsul qızı Novruzova
  •