Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ)arasında görüş keçirilib. ATU-da baş tutan görüşdə AQTİ-ni İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov və İnstitutun Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva təmsil edib.
Görüş çərçivəsində ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov tədris işləri üzrə prorektor Raqif Hüseynov, Qida mühəndisliyi fakültəsinin dekanı dos. Mehman İsmayılov, Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri prof. Əhəd Nəbiyevlə birgə AQTİ nümayəndələrini qəbul edib, müvafiq istiqamət üzrə kadr hazırlığı və birgə tədqiqatların aparılması kimi məsələlər müzakirə edilib.
Sonra AQTİ əməkdaşlarının Qida mühəndisliyi fakültəsinin tələbələri ilə görüşü baş tutub. Tədbirdə tələbələrə AQTİ-nin fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə elmi-praktik araşdırmalar, tədqiqatlar aparılır, laborator analizlər, sınaq işləri həyata keçirilir. Görüş zamanı İnstitutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da tələbələrə ətraflı məlumatlar verilib.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.