Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsinin iki ixtisası üzrə təhsil alan son kurs tələbələrinin istehsalat təcrübələri 2023/2024- cü tədris ilinin payız semestrində ölkəmizin aparıcı qida sənayesi və şərabçılıq müəssisələrində aparılır.

Sözügedən istehsalat təcrübəsi ötən tədris ili müddətində universitetlə müxtəlif sənaye müəssisələri arasında imzalanmış memorandumlar çərçivəsində həyata keçirilir.

Hazırda “Qida mühəndisliyi” və “Şərabçılıq” ixtisaslarının IV kurs tələbələri Gəncə, Şəmkir, Göygöl, Qəbələ, Ağsu, Şamaxı şəhərlərində təcrübə keçirlər. Onlar müasir texnologiyalarla təchiz olnmuş Qəbələ Konserv Zavodu, AzGranata Şirə və Şərab Emalı Zavodu, Şirvan Şərabları Zavodu, Gəncə Şərab-2, Gəncə Dəyirman və s. kimi müasir sənaye müəssisələrində praktik vərdişlərə yiyələnirlər.

Qeyd edək ki, indiyədək sözügedən ixtisasın tələbələrinin təcrübə müddəti tədris ilinin II semestrinə təsadüf edib. Payız mövsümünün müvafiq istehsalat sahələri üçün aktiv dövr olduğu nəzərə alınmaqla bu il ilk dəfə qida mühəndisliyi və şərabçılıq ixtisası tələbələri praktik təcrübələrə I semestrdə yiyələnirlər.