Azərbaycan Texnologiya Universitetində (ATU) “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində ATU və Gəncə Dövlət Universiteti (GDU) tələbələrinin iştirakı ilə görüş keçirilib.
 
Görüşdə ATU-nun Tədris işləri üzrə prorektoru Raqif Hüseynov, strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri Mehman Kərimov, Macarıstanın Azərbaycandakı Səfirliyinin təhsil və mədəniyyət üzrə diplomatı Monika Felföldi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Niftalı Qasımlı, Azərbaycan Macarıstan Məzunları İctimai Birliyi (AHAU) idarə heyəti sədri, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) idarə heyəti üzvü, “Stipendium Hungaricum” proqramı məzunu, İngiltərənin BP şirkətinin aparıcı mütəxəssisi Günay Bayramova və GDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov iştirak edib.
 
Tədbirdə I və IV kurs bakalavr tələbələrinə, eləcə də magistrantlara Hökumətlərarası Təqaüd Proqramı, “Stipendium Hungaricum in Azerbaijan” layihəsi və Macarıstanda təhsil imkanları barədə məlumat verilib.
 
“Stipendium Hungaricum” proqramının məzunları olan Raqif Hüseynov və Mehman Kərimov proqramın üstünlüklərindən danışıb, xaricdə təhsilin karyerada rolundan bəhs edib, motivasiya xarakterli tövsiyələr veriblər.
 
Sonda Monika Felföldi tərəfindən tələbələrə Macarıstanla bağlı test sualları təqdim edilib, sualları doğru cavablandıran tələbələrə hədiyyələr verilib.