Azərbaycan Texnologiya Universitetində (ATU) 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir kecirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himi səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Müstəqilliyin bərpası gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Azərbaycan Texnologiya Universitetinin rektor v.m.i.e dos. Yaşar Ömərov tədbirdə giriş sözü ilə çıxış edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 32 il ərzində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da inkişaf edib, möhkəmlənib. Y.Ömərov Azərbaycanın bu tarixi günü ərazi bütövlüyünü, suverenliyini tamamilə bərpa etmiş qalib xalq kimi qeyd etdiyini vurğulayaraq tədbir iştirakçılarını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Hüseyn Budaqov, Mehriban Tağıyeva, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev çıxış edərək tarixi günün xronologiyasına nəzər salıb, Azərbaycanın regionda söz sahibi olan qüdrətli dövlətə çevrildiyindən bəhs ediblər.