Azərbaycan Texnologiya Universiteti (ATU) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Qida Sənayesi və Qida Təhlükəsizliyi" forumu keçirilib.

Qəbələ Konserv Zavodunun, Azgranata Şirə və Şərab Emalı Zavodunun və Gama/Orzax şirkətinin dəstəyi ilə baş tutan 2 bölmədən ibarət forum Heydər Əliyev Mərkəzində təşkil olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb, dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib. Bunun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb, bu sahədə qəbul edilən dövlət proqramları uğurla icra olunur. Y.Ömərov çıxışında qida sənayesi və qida təhlükəsizliyinin dünyada mövcud vəziyyətinə və aktual məsələlərinə diqqət çəkib, bölmələrdə aparılacaq müzakirələrin məhsuldar olacağına, qeyd olunan sahələrə töhfə verəcəyinə əminlik ifadə edib.

Daha sonra AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev çıxış edərək Ümummili Liderin reallaşdırdığı kənd təsərrüfatı inkişaf konsepsiyasının ölkəmizdə yeyinti məhsullarının keyfiyyətinin təmin edilməsinə və qida sənayesinin inkişafının sürətlənməsinə əlverişli zəmin yaratdığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində də həyata keçirilən islahatlar əhalinin sağlam qida ilə təminatının yaxşılaşdırılmasına öz töhfəsini verməkdədir. Ə. Nəbiyev qida təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar AQTİ tərəfindən həyata keçirilən tədbirlər, eləcə də yeni fəaliyyətə başlayan Gəncə Regional Sınaq Laboratoriyasının sahə və bölgə üçün əhəmiyyətindən də danışıb.

Açılış tədbirində AMEA-nın Gəncə bölməsinin rəhbəri akademik Fuad Əliyev, YAP-nın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi İbrahim Cəfərov, FAO Azərbaycan Ofisinin nümayəndəsi Elməddin Namazov da çıxış edərək forumun işinə uğurlar arzu ediblər.

Forum iki paneldə öz işini davam etdirib.

"Qida sənayesi" paneli ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı dos.Mehman İsmayılovun moderatorluğu, spikerlər - AQTİ-nin Kompleks tədqiqatlar laboratoriyasının müdiri Nihad Quliyev, Qəbələ Konserv Zavodunun direktoru Özgür Demirkıran, Azərbaycan Koorperasiya Universiteti, eləcə də Neft və Sənaye Universitetinin professoru Vüqar Mikayılov, İspaniyanın Jaen Universitetinin nümayəndəsi Dr. Julio Vena Oya, AzərMaya İstehsal QSC-nin istehsalat departamentinin direktoru Yusif Şahverdiyevin iştirakı ilə baş tutub.

"Qida təhlükəsizliyi" paneli isə Şirvan Şərabları Zavodunun baş texnoloqu Teymur Musayevin moderatorluğu, AQTİ-nin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Deniz Ercan Pirinççi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Türksoyun Dünya Türk Mətbəx Kültürü, Elmi və Sənəti Birliyinin prezidenti Tahir Əmiraslanov, ATU-nun professoru Əhəd Nəbiyev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun Genetika və embrion transferi laboratoriyasının müdiri Rəşad Məhərrəmov, iqlim dəyişmələri üzrə ekspert İsa Əliyevin iştirakı ilə reallaşıb.

Digər xarici mütəxəssislərin, elmi-tədqiqat institutlaının. sənaye müəssisələri təmsilçilərinin qatıldığı forumda qida sənayesi, qida təhlükəsizliyinə aid ən aktual məsələlər, problemlər müzakirə edilib.