Azərbaycan Texnologiya Universitetində Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Elnur Abbasov, DİM-in Gəncə Regional Bölməsinin sədri Nəsimi Məmmədov və son kurs tələbələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şahmar Həsənov görüşün keçirilməsində əsas məqsədin bu il məzun olacaq bakalavr və magistrları dövlət qulluğuna qəbul qaydaları ilə tanış etməkdən ibarət olduğunu bildirib.
Daha sonra DİM-in sektor müdiri Elnur Abbasov təqdimatla çıxış edərək dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtləri, keçirilmə qaydaları haqqında ətraflı məlumat verib. DİM-in dövlət qulluğu sahəsində fəaliyyəti, dövlət qulluğunun üstünlükləri, dövlət qulluğunun qəbul qaydaları, test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının hazırlanması qaydaları ilə bağlı çıxış edib. DİM Gəncə Regional Bölməsinin sədri Nəsimi Məmmədov tələbələrin məzun olduqdan sonra dövlət qulluğu imtahanlarında iştirak edəcəklərinə və uğurlu nəticələrə nail olacaqlarına əminlik ifadə edib.
Sonda tələbələrin sualları cavablandırılıb.