Azərbaycan Texnologiya Universitetində “Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq” mövzusunda elmi-praktik seminar keçirilib.
Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Raqif Hüseynov tədbiri açıq elan edərək bütün tədbir iştirakçılarını salamlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi prof. Mübariz Yusifov mövzu ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, düşmən üzərində qazandığımız qələbələr öz doğma torpaqlarından ayrı düşən Qərbi Azərbaycanlıların da yurdlarına qovuşacaqlarına böyük inam yaradıb və bu cür tədbirlərin keçirilməsində məqsədin məhz Qərbi Azərbaycan həsrəti ilə yaşayan Azərbaycanlıların haqq səsini eşitdirərək təbliğat-təşviqat, maarifləndirmə aparmaq olduğunu diqqətə çatdırıb.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəsi rəhbərinin köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli Ermənistanın Qərbi Azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya siyasətindən, soydaşlarımıza qarşı törədilən vandalizm aktlarından danışıb.
Daha sonra Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının professoru Cahangir Hacıyev, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, Kimya və metallurgiya mühəndisliyi kafedrasının dosenti Əli Muradov çıxış edərək Azərbaycanlıların öz doğma yurdu olan Qərbi Azərbaycana qayıdışının Azərbaycanın haqq savaşında qazandığı qələbələrin ardı olacağını qeyd ediblər.
Ardınca Gəncə Dövlət Universitetinin dosenti Nəsibə Hacıyeva çıxış edərək bildirib ki, soydaşlarımız Qərbi Azərbaycan həsrəti və doğma yurda qovuşmaq ümidi ilə yaşayırlar. Qeyd edib ki, 44 günlük mübarizəmizdə, haqq savaşımızda qalib gələrək “Böyük Qayıdışı” gerçəkləşdirdiyimiz kimi tezliklə Qərbi Azərbaycana da mütləq qayıdacağıq.
Sonda Qərbi Azərbaycana həsr edilmiş videoçarx nümayiş olunub.